ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib
Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. 
Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo