26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbirdə hərbi hissənin şəxsi heyəti, şəhid ailələri, şəhid övladları, dəvət olunmuş digər qonaqlar iştirak ediblər. ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva və komitənin fəal üzvləri tədbir iştirakçıları arasında olublar.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu hərbi hissənin şəxsi heyətinin diqqətinə çatdırılıb.
Çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişaf tarixindən, ordu quruculuğu sahəsində atılan addımlardan, SSRİ dövründə azərbaycanlıların hərb sənətinə yiyələnməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz təşəbbüsündən və müstəqil Azərbaycanda ordu quruculuğundan danışıblar. Bildirilib ki, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Sonra ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən tədbirdə bir qrup əsgər və zabitlər, habelə müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular xidməti işində səmərəli fəaliyyətlərinə görə, qiymətli hədiyyələrlə təltif olunublar. Həmçinin şəhid övladlarına da komitə tərəfindən müxtəlif hədiyyələr verilib. Tədbir hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.