ATİAHİ Ağcabədi rayon komitəsinin üzv təşkilatları tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon məktəblərində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər 44 günlük Vətən müharibəsidə şəhidlərimizin, qazilərin, veteranların rəşadətindən, onların şərəfli döyüş yolundan, əzmkarlığından bəhs ediblər.
Bildirilib ki, Şanlı Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir.
Rayonun M.Əsədov adına 5 saylı tam orta məktəbində ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən hazırlanan Anım tədbirində şəhid ailələrinə göstərilən dövlət qayğısından danışılıb.
Vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar.
Qeyd edək ki, keçirilən bütün tədbirlərdə Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs olunub, mübariz oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilib.