2023-cü tədris ilində Ağcabədi rayon ümumtəhsil müəssisələrinə 14 yeni direktor təyin edilib. ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə həmin direktorlarla Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Öncə tədbir iştirakşıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər direktorlara uğurlar arzulayıblar. Çıxışlarda eləcə də “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihələrdən, keçirilən tədbirlərdən, görülən işlərdən danışılıb. Bildirilib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib.
Vurğulanıb ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Sonda direktorlar göstərilən diqqətə və hörmətə görə, təşkilatçılara təşəkkür edib işlərinə məsuliyyətlə yanaşacaqlarını, ölkə təhsilinin inkişafı naminə səylə çalışacaqlarını bildiriblər.