Ağcabədidə silsilə Novruz tədbirləri keçirilib
Baharın gəlməsi münasibətilə qeyd edilən Novruz bayramı dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da təntənəli şəkildə keçirilir.
ATİAHİ Ağcabədi rayon komitəsi və üzv təşkilatları bayram münasibətilə silsilə tədbirlər təşkil ediblər. Həmkarlar ittifaqı üzvlərinin qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq ATİAHİ Ağcabədi rayon komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
     Rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Ağcabədi rayonunun X.Həsənov adına Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbin müəllimi  Rəşad Rəhimovun İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərində şəhid olmuş övladı Orxan Rəhimlinin məzarı ziyarət edilib, valideynləri ilə görüş təşkil olunub. Qeyd edək ki, 2021-ci ilin avqust ayında şəhidin valideynlərinə - Rəhimov Rəşada və Zülfiyyə Rəhimovaya ”Günəşli” sanatoriyasına yollayış verilib.
 
Novruz bayramı münasibətilə rayon komitəsi tərəfindən aztəminatlı texniki təhsil işçilərinə müxtəlif hədiyyələr, sovqatlar verilib, bayram süfrələri açılıb. Həmçinin rayon komitəsi tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş Taryel Atayevin iki azyaşlı övladı bir il müddətinə himayəyə götürülüb. Belə ki, 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrınadək hər ay onların hesabına 100 manat məbləğində pul vəsaiti köçürülür. Bundan başqa, İkinci Qarabağ müharibəsində şəhid olmuş Toğrul Abbasovun azyaşlı övladının qayğılarını qarşılamaq üçün anasının hesabına 2021-ci ilin sentyabrından 2022-ci ilin martınadək hər ay olmaqla 100 manat dəyərində pul vəsaiti köçürülüb.
 
II Qarabağ müharibəsində  Ağcabədi rayonunun orta təhsil müəssisələrində çalışan 6 nəfər müharibədə göstərdikləri igidliyə görə, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev tərəfindən orden  və medallarla təltif edilib. ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən Novruz bayramı münasibətilə onlarla görüş təşkil edilib, müxtəlif sovqatlar, hədiyyələr təqdim olunub.
 
Novruz bayramı münasibətilə Ağcabədi rayonunun bir sıra məktəblərində həmkarlar təşkilatlarının təşkilatçılığı ilə bayram tədbirləri təşkil olunub. Tədbirlərdə həmkarlar təşkilatlarının fəal üzvlərinə, pedaqoji fəaliyyətində fərqlənən müəllimlərə bayram sovqatları paylanılıb. M.Əsədov adına 5 nömrəli tam orta məktəbdə və şəhər 11 nömrəli məktəbdə təşkil olunan Novruz şənliklərində bayramın xalqımıza bəxş etdiyi sevincdən, bayramın adət-ənənələrindən bəhs edilib.
Bayramın personajları olan Kosa , Keçəl və Bahar qızı tədbirdə xoş ovqat yaradıblar. Novruzla bağlı bayatılar söyləyib, yumurtalar rəngləyib, maraqlı oyunlar oynayıb, şən musiqilərin sədası altında rəqs ediblər. Sonra tədbir iştirakçıları ocaq başında yallı gediblər, tonqalın üstündən tullanıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo