ATİAHİ Ağcabədi rayon komitəsi tərəfindən şagirdlərin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Psixoloqlar və müəllimlər bütün dünyanın ən ağrılı probleminə çevrilən və “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Vaxtilə işğala məruz qalmış Qarabağ və ətraf ərazilərdə də xeyli sayda narkotik laboratoriyalar fəaliyyət göstərmişdi. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə etmiş, hər il dünya bazarlarına on tonlarla narkotik maddələr çıxarılmışdı.
Vurğulanıb ki, ölkəmiz narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atır. Narkomaniyanın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə silsilə tədbirlər - gənclərə maarifləndirici buklet və broşurlar kimi zəruri təbliğat materiallarının paylanılması, antireklam lövhələrin asılması, məktəblərdə bu mövzuda şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkil olunması, bu sahə üzrə ixtisaslı, səlahiyyətli şəxsləri cəlb etməklə gəncləri maraqlandıran suallar ətrafında geniş diskussiyaların aparılması kimi fəaliyyətlər həyata keçirilir. Qeyd olunub ki, gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, bu bəlaya – narkomaniyaya “YOX” deyək. Sonda məktəblilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.