ATİAHİ Ağcabədi rayon komitəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə yenitetmələr arasında şahmat turnirinə yekun vurulub. Tədbirdə çıxış edən Ağcabədi rayon komitəsinin sədri A.Niftalıyeva bildirib ki, Ulu Öndərin doğum günü ərəfəsində müxtəlif tədbirlər təşkil olunur, onun əziz xatirəsi ehtiramla yad edilir: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin idman siyasəti dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz müsbət nəticəsini göstərməkdədir. İdmançılarımız təmsil olunduqları bütün yarışlarda Dövlət bayrağımızı qürurla dalğalandırırlar”.
Onun sözlərinə görə, Uşaq Gənclər İdman Şahmat Məktəbinin uğurları respublika çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər diqqət mərkəzindədir: “Belə bir tədbirin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”.
Sonda rayon komitəsi tərəfindən yarışlarda I, II və III yerə layiq görülmüş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, yarışın nəticələrinə əsasən, 3 nəfər I yeri, 3 nəfər II yeri, 3 nəfər isə III yerin qalibi olub. Otuz nəfər iştirakçı isə Fəxri fərmanla təltif olunub.