ATİAHİ Ağcabədi rayon komitəsi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonun Xamtorpaq ərazisində fəaliyyət göstərən Qarabağ Atçılıq Kompleksinə gəzinti təşkil edib.
Təhsil işçilərinə Kompleksin yaradılma məqsədi, fəaliyyəti, əldə olunan nailiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Hazırda kompleksdə Qarabağ cinsindən olan 300 at saxlanılır.
İttifaq üzvüləri gəzintidən xoş təəssüratlarla ayrılıblar.