28 May - Müstəqillik Günü münasibətilə Ağcabədi rayonunun Şənlik kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva, Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, təhsil işçiləri, müharibə iştirakçıları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Açıq havada təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcısı Əsli Rəhimova Müstəqillik Günü ilə bağlı ətraflı məlumat verib. O, həmçinin məktəbin direktoru, I Qarabağ müharibəsi veteranı Tahir Məmmədovun döyüş yoluna nəzər salıb və qeyd edib ki, bugünkü tədbir həm də qəhrəman müəllimin doğum gününə təsadüf edir. Bu münasibətlə, onun döyüş yoldaşları, yaxın dostları da tədbirə dəvət olunublar.
Bundan sonra Milli Qəhrəman İbad Hüseynov, Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, şəhər 9 saylı tam orta məktəbin direktoru Rizvan Qasımov, Birinci Qarabağ müharibəsi veteranları - Zakir Məmmədov, Kamran Qurbanov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən ətraflı söz açıb, bu gün ölkəmizdə aparılan uğurlu siyasətdən, 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən danışıblar. İstər I, istərsə də II Qarabağ müharibəsində vətən övladlarının göstərdiyi qəhrəmanlıqları xüsusi vurğulayan qonaqlar onlara hər zaman böyük ehtiramla yanaşıldığını diqqətə çatdırıb və müharibə veteranı Tahir Məmmədovu doğum günü münasibətilə təbrik ediblər.
Daha sonra ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsindəki nailiyyətlərinə və ictimai-siyasi fəaliyyətinə görə bir qrup şəxsin komitə tərəfindən təltif olunduğunu bildirib. Fəxri fərman və hədiyyələr qonaqlar tərəfindən sahiblərinə təqdim edilib.
Tədbirdə şagirdlərin vətənpərvərlik ruhunda söylədiyi şeirlər alqışlarla qarşılanıb.