Zəfər Günü ilə əlaqədar Ağcabədi rayon 1 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi, idman ustası Elgün Həsənovla görüş keçirilib.
ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Vətən müharibəsində hərbçilərimizin şanlı döyüş yolundan, nümayiş etdirdikləri qəhrəmanlıqlardan, düşmənə vurulan sarsıdıcı zərbələrdən danışılıb. Bildirilib ki, möhtərəm İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi.
Elgün müəllim çıxışında iştirak etdiyi döyüşlərdən, əsgərlərimizin rəşadətindən, zabitlərimizin peşəkarlığından söz açıb. Qeyd edib ki, Füzulinin, Xocəvəndin, Qubadlının və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib, düşmən mövqelərini darmadağın edərək torpaqlarımızı azad ediblər. Onun sözlərinə görə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Füzulinin, Xocəvəndin, Qubadlının və Şuşanın azad olunması uğrunda medalları ilə təltif olunub.
Digər çıxış edənlər işğaldan azad edilən Şərqi Zəngəzurda və Qarabağda aparılan adadlıq-quruculuq işlərindən, inşa olunan infrastrukturdan və sosial obyektlərdən danışıblar.
Sonda E.Həsənov ona göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, E.Həsənov Azərbaycan həmkarlar ittifaqlarının 100 illiyi münasibətilə döş nişanı ilə, həmçinin 2021-ci ildə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb, AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif edilib.