Ağcabədidə erkən nikaha qarşı silsilə tədbirlər keçirilir

 ATİAHİ Ağcabədi rayon komitəsi ittifaq üzvüləri ilə birgə təhsil müəssisələrində ERKƏN  NİGAHA   YOX! silsilə tədbirlərini davam etdirir. Tədbirdə erkən nigahın fəsadları ilə bağlı yetkinlik yaşına catmayan şagirdlərlə söhbətlər aparılır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Ülfət Cəfərova erkən yaşda ailə qurmanın acı nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır: “Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Paralel şəkildə təhsilə yönləndirmə olmalıdır. Təhsil çox vacib amildir”.
Həmkarlar təşkilatının fəal üzvülərindən Rana Abdullayeva qeyd edib ki, valideynlərin övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır: “Burada məsuliyyət tək valideynin üzərinə düşməməlidir, həm də orta məktəb və məktəb rəhbərliyi məsuliyyətli olmalıdır. Kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz”.
Digər çıxış edənlər bildirib ki, bir sıra hallarda ailə quran tərəflərin yaş həddinin aşağı olması sonradan problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Erkən nikahların  çoxu bilgisizlikdən, cəhalətdən irəli gələn məsələlərdir.
Tədbirlər rayonun digər təhsil müəssisələrində davam etdirilir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo