Ağcabədidə 20 Yanvar şəhidləri anılıb


ATİAHİ Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü  ildönümü ilə əlaqədar “Şəhidlər ölmür” adlı tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Öncə iştirakçılar rayon ərazisindəki Şəhidlər xiyabanını ziyarət edərək bütün şəhidlərimizin ruhunu dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon komitəsinin sədri Arzu Niftalıyeva bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda sovet imperiyasının ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu: “Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi”.

Onun sözlərinə görə, 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini aldı: “Baş verən hadisənin səhəri günü Ulu Öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya çatdırdı, sovet rejiminin fitnəkar siyasətini kəskin şəkildə tənqid etdi. Xalqa silah işlədilməsini hüquqa, demokratiyaya zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı”.

Digər çıxış edənlər 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolundan, ölkəmizdə şəhidlərə olan ali ehtiramdan, hər ilin 20 yanvar tarixində xalqımızın həmrəylik göstərərək Şəhidlər xiyabanını ziyarət etməsindən, həmçinin 44 günlük Vətən müharibəsindən danışıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo