Ağcabədi rayonunun bütün ümumtəhsil müəssisələrində Xocalı soyqrımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Keçirilən tədbirlərin təşkilatçıları arasında ATİAHİ Ağcabədi rayon komitəsi də yer alıb.
Şəhər 1 №-li tam orta məktəbdə baş tutan mərasimdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxış edənlər Ermənistan dövlətinin təcavüzkar siyasətindən, dinc azərbaycanlılara qarşı törətdiyi terror aktlarından, soyqırımılarından danışıblar. Bildirilib ki, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Qeyd olunub ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Tədbirdə həmçinin Xocalı hadisələri ilə bağlı foto-sərgilər nümayiş olunub, şagirdlər tərəfindən şeirlər səsləndirilib.