Ağcabədi məktəbində Novruz şənliyi keçirilib
 Ağcabədi rayonunun Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbində Novruz şənliyi keçirilib.
Tədbirdə iştirak edən ATİAHİ Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva məktəbin rəhbərliyini və kollektivini bayram münasibətilə təbrik edib və bildirib ki, Novruz əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda kök salan qədim bir el bayramıdır. Tarixən bu bayram xalqımız tərəfindən böyük təmtaraqla qeyd olunub. Bu gün də Novruz xalqımızın ən əziz bayramıdır və xoşbəxtik ki, bayram tonqalını işğaldan azad edilmiş ərazilərimizdə də keçiririk.
Tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib. Həmçinin tədbir bayram şənliyi ilə davam edib. Sonda məktəbin bir neçə qabaqcıl müəllimi rayon komitəsi tərəfindən mükafatlandırılıb.
Bundan başqa, komitənin sədri Arzu Niftalıyeva, məktəbin rəhbərliyi və ittifaq üzvləri Salmanbəyli kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş Samir Mikayıllının ailəsi ilə görüşüblər.
Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Müəllimlər isə şəhidin məktəb illərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin ailəsinə bayram sovqatları verilib. Göstərilən diqqət və qayğıya görə, Samirin ailəsi gələn qonaqlara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo